UEFA Avropa liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” bu gün qrup mərhələsində 3-cü matça çıxacaq. Ağdam futbolçuları səfərdə “Olimpiakos”la qarşılaşacaq. Komandamızın heyətində Marko Yankoviçin oynayıb-oynamayacağı məlum deyil. Yunanıstan klubunda isə Tomaş Vatslik, Yusef Əl Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos “Qarabağ”a qarşı oynaya bilməyəcək. Hazırda “köhlən atlar” G qrupunda 3 xalla “Frayburq”dan sonra 2-cidir. Lioderin hesabında 6 xal var. 3 xal toplayan digər komanda “Nant” 3-cüdür. Hər 2 qarşlılaşmada uduzan “Olimpiakos” isə sonuncudur. Oyundan əvvəl baş məşqçilər və futbolçular mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Qurban Qurbanov komandanın hazırlığından söz açıb: "Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız".
Qapıçımız Şahruddin Məhəmmədəliyev də görüşün maraqlı keçəcəyini bildirib.
Bir müddət əvvəl “Olimpiakos”a baş məşqçi təyin olunan Miçel isə yalnız qələbəyə nizamlandıqlarını deyib.
“Atromitos”la 2:0 hesablı qələbə bütün problemlərin həll olunduğu demək deyil. “Qarabağ”a qarşı çox vacib matça çıxacağıq. “Yuventus”, “Atletiko”, yaxud “Mançester Yunayted”lə oynasaydıq, yenə eyni sözləri deyəcəkdim. Rəqibə böyük hörmətlə yanaşırıq. Avrokuboklarda böyük təcrübəsi olan kollektivi məğlub etmək asan olmayacaq. Lakin biz mütləq qalib gəlməliyik. 3 xal əldə etmək üçün əlimizdən gələni edəcəyik.
“Georgios Karaiskakis” Stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23-də başlanacaq. Qarşılaşmanı İrfan Peltonun başçılığı altında Bosniya Herseqovinalı hakimlər briqadası idarə edəcək.